İDMAN


Litvada keçiriləcək futzal üzrə dünya çempionatının loqosunun təqdimat mərasimi olub

Bakı, 18 yanvar, AZƏRTAC

2020-ci il sentyabrın 12-dən oktyabrın 4-dək Litvada keçiriləcək futzal üzrə dünya çempionatının loqosunun təqdimat mərasimi olub.

AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, Litvanın paytaxtı Vilnüsdəki MO muzeyində keçirilən tədbirdə təşkilatçı ölkənin futbol federasiyasının prezidenti Tomas Danileviçius, baş katib Edqaras Stankeviçius və FIFA-nın turnirlər üzrə rəhbəri Jaime Yarzaın salamlama nitqindən əvvəl işıq şousu altında yeni loqo təqdim olunub.

Emblemdə Litvanın iki qürurverici xüsusiyyəti – təbii ehtiyatları və texnoloji təcrübəsi vurğulanıb. Litvada gücün simvolu hesab edilən palıd ağacının yarpaqlarının da təsvir olunduğu kubok ölkənin dövlət bayraqlarının rəngləri ilə bəzədilib. Landşaftın üstünlüyü isə Litvanın öz təbii irsinin qorunmasına sadiqliyinin göstəricisi kimi qeyd olunub.

Avropa qitəsi üzrə iştirakçı komandalardan 4-nün adına bu ayın sonunda və fevralın əvvəlində keçiriləcək elit-raund mərhələsinin oyunlarından sonra aydınlıq gətiriləcək. Qalan iki komanda isə apreldə keçiriləcək pley-off oyunlarından sonra vəsiqə qazanacaq. Ümumilikdə isə ev sahibi ölkə ilə birlikdə Avropanın 7 milli komandası mundialın final mərhələsində mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan millisi elit-raund mərhələsi çərçivəsində yanvarın 29-da Xorvatiya, ertəsi gün Rusiya, fevralın 1-də isə Slovakiya yığmaları ilə qarşılaşacaq. Bu qrupun oyunları Xorvatiyanın Osiek şəhərindəki “Qradsk vrt Arena”da keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.