SİYASƏT


Litvadakı Azərbaycan diasporu Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bu ölkənin Prezidentinə və digər rəhbər şəxslərinə müraciət ünvanlayıb

Vilnüs, 15 oktyabr, AZƏRTAC 

Litva Azərbaycanlıları Cəmiyyəti və Litva–Azərbaycan Assosiasiyası Azərbaycan ilə Ermənistan arasında davam edən Dağlıq Qarabağ münaqişəsinə adekvat reaksiyanın verilməsi, işğalçı Ermənistana təzyiqin göstərilməsi, ona qarşı beynəlxalq sanksiyaların tətbiq edilməsi ilə qoşunlarını Azərbaycanın işğal olunmuş bütün ərazilərindən qeyd-şərtsiz çıxarmağa məcbur edilməsi məqsədilə bu ölkənin Prezidentinə, Baş Nazirinə və digər rəhbər şəxslərinə müraciət ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, müraciətin tam mətni bu ölkənin “ELTA” xəbərlər agentliyinin saytında Litva və rus dillərində dərc edilib, həmçinin sosial şəbəkələrdə geniş yayılıb.

Müraciətdən bildirilir ki, Litva və onun NATO blokundakı bütün hərbi müttəfiqləri Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır. Bu ərazilər Ermənistan tərəfindən işğal edilib. İşğal zamanı orada yaşayan azərbaycanlılar öz yurdlarından didərgin salınıblar.

Hazırda bu ərazidə yaradılan qondarma rejim dünyanın heç bir ölkəsi tərəfindən rəsmən tanınmayıb.

Diqqətə çatdırılır ki, Ermənistandan fərqli olaraq, Azərbaycan heç bir dövlətin ərazisinə iddia etmir və öz torpaqları üzərində suverenliyini bərpa etmək istəyir. Əgər beynəlxalq ictimaiyyət təxminən 30 ilə yaxındır davam edən bu münaqişənin həllini istəyirsə, o zaman Ermənistanı öz qoşunlarını Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarmasına məcbur etməlidir.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.