SİYASƏT


Litvanın internet nəşrində Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvləri ilə müsahibələr dərc edilib

Vilnüs, 28 oktyabr, Nigar Cəfərli, AZƏRTAC

Litvanın www.slaptai.lt internet nəşrində Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının sədri Bayram Səfərov, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının direktoru Orxan Əkbərov və Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli ilə müsahibələr dərc edilib. Söhbəti www.slaptai.lt internet-portalın rəhbəri Gintaras Visotskas aparıb.

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının sədri Bayram Səfərov 30 dəqiqəlik müsahibəsində vurğulayıb ki, biz Azərbaycanın işğal altında olan torpaqlarını hökmən qaytaracağıq. B.Səfərov müsahibəsində azərbaycanlıların sülhsevər xalq olmasını vurğulayaraq deyib: “Biz müharibə istəmirik. Biz güclə əlimizdən alınanı dinc yolla özümüzə qaytarmaq istəyirik. Biz Ermənistana daim konstruktiv danışıqlara başlamağı təklif edirik. Lakin mən şübhə etmirəm ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi ölkə Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağı və bu bölgəyə bitişik, ermənilər tərəfindən ələ keçirilmiş yeddi rayonu hökmən, nəyin bahasına olsa özünə qaytaracaq”.

B.Səfərov deyir ki, əgər Qərb və onun erməni müttəfiqləri Azərbaycanın Dağlıq Qarabağın itirilməsi ilə haçansa barışacağını, Xocalı soyqırımını unudacağını düşünürsə, onlar səhv edirlər.

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının direktoru Orxan Əkbərov 16 dəqiqəlik videomüsahibədə Qərbin ikili standartlar tətbiq etməsinə görə təəssüfləndiyini bildirib. O.Əkbərov soruşur: Ukraynanın, Moldovanın, Gürcüstanın fəlakətlərinə prinsipial qayğı göstərən beynəlxalq birlik bəs bizi nə üçün unudur. O.Əkbərov əmindir ki, haqqın və ədalətin müdafiəsi üçün Azərbaycana real kömək lazımdır.

Bakı Musiqi Akademiyasının rektoru, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının üzvü professor Fərhad Bədəlbəyli öz müsahibəsində son 20 il ərzində üst-üstə yığılmış kədərini gizlətmədən deyir: “Qərb Azərbaycanın dərdinə laqeyddir. ATƏT-in Minsk qrupu çoxlu və gəlişigözəl sözlər deyir, tez-tez səfərlər edir, həm Ermənistana, həm də Azərbaycana gəlir, lakin Ermənistanın silahlı qüvvələri hələ də Azərbaycan torpaqlarını tərk etməyib. Azərbaycanlıların böyük hörmət bəslədiyi Litvada isə hətta Azərbaycanın ərazi bütövlüyünü dolayısı ilə şübhə altına alan Dağlıq Qarabağla dostluq parlament qrupu yaradılıb”.

Professor F.Bədəlbəyli təəssüflənir ki, Qərb tez-tez ikili standartlar tətbiq edir. Məsələn, Ukraynanın, Gürcüstanın üzləşdiyi bəlalar barədə prinsipial, kəskin və düzgün söhbətlər aparılır, amma Azərbaycanın itkilərini demək olar ki, yada salmırlar.

F.Bədəlbəyli öz müsahibəsində bildirir ki, ən böyük arzusu doğma Şuşaya qayıtmaqdır.

Müsahibələrin tam mətni ilə aşağıdakı linklər vasitəsilə tanış ola bilərsiniz:

http://slaptai.lt/index.php/videostudija/8489-bairamas-safarovas-prarastas-zemes-azerbaidzanas-susigrazins-bet-kokiu-atveju.html

http://slaptai.lt/index.php/videostudija/8488-orkhanas-akbarovas-deja-vakarai-taiko-dvigubus-standartus.html

http://slaptai.lt/index.php/videostudija/8487-prof-farhadas-badalbeili-mano-didziausia-svajone-sugrizti-i-gimtaji-susos-miesta.html

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.