SİYASƏT


Livan ermənilərinin Dağlıq Qarabağa qanunsuz köçürülməsi Ermənistanın növbəti təxribat planıdır

Bakı, 8 sentyabr, AZƏRTAC

Beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan, qəbul olunan qərar və qətnamələrin icrası barədə düşünməyən işğalçı Ermənistana bu günə qədər heç bir təzyiqin göstərilməməsi onun daha da ərköyünləşməsinə, təxribatlarının davamlı olmasına yol açır. İşğalçı dövlətin təkcə son aylarda törətdiyi təxribatlara diqqət yetirmək kifayətdir. İyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatın qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındı. Həmin ərəfədə xaricdə yaşayan soydaşlarımız Orduya dəstək üçün dünyanın müxtəlif ölkələrində dinc aksiyalar keçirdilər. Ermənilərin bu aksiyaçılara, həmçinin konsulluqlarımıza, səfirliklərimizə hücumları diqqətdən kənarda qalmadı. Amma bunları görməzdən gələn yenə də münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri oldu. Törədilən bu kimi cinayətlərin cəzasız qalmasını Ermənistan hakimiyyəti bu yaxınlarda Beyrutda baş verən dəhşətli partlayışı işğal altındakı Dağlıq Qarabağ və yeddi ətraf rayonda ermənilərin qanunsuz yerləşdirilməsi üçün fürsət kimi qiymətləndirib. Belə ki, separatçı rejimin lideri Livandan 150 erməni ailəsinin Dağlıq Qarabağda yerləşdirilməsini təklif edib. Artıq Ermənistan mətbuatının məlumatlarına əsasən Livandakı bir neçə erməni ailəsi bölgədə yerləşdirilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki, dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, tarixi faktlara, real həqiqətlərə əsaslanan təbliğatımız fonunda beynəlxalq dəstək, münaqişənin həlli üçün möhkəm hüquqi bazanın yaradılması problemin tezliklə öz ədalətli həllini tapacağına əsas yaradır. Deputat bildirib: “Prezident İlham Əliyev ən yüksək tribunalardan Azərbaycanın dəyişməz mövqeyini bəyan edir: Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola bilməz. Bir qarış torpağımız belə düşmənə verilməyəcək”.

Deputat, həmçinin deyib: “Rəsmi Bakı dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından bu reallığı da bəyan edir ki, o, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyasını ATƏT-in Minsk qrupu yerinə yetirsə də, bütün beynəlxalq təşkilatların potensial imkanlarından istifadə etməkdə maraqlıdır. Azərbaycan tərəfi faktaraşdırıcı missiyanın yaradılması təklifi ilə ilk dəfə BMT-yə müraciət edib. O zaman dövlətimizin bu addımı ATƏT-in Minsk qrupunun vasitəçiliyindən imtina kimi dəyərləndirən işğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər belə bir addımın Minsk qrupu tərəfindən atılmasının məqsədəuyğun olunduğunu bildirdilər. ATƏT-in faktaraşdırıcı missiyası yaradıldı və işğal olunmuş ərazilərimizdə vəziyyəti öyrənmək üçün həmin torpaqlarımızda iki dəfə oldular. İşğal olunmuş ərazilərimizdə süni məskunlaşdırılma faktı təsdiqlənsə də ATƏT-in faktaraşdırıcı missiyası hazırladığı hesabatda bunun əks olunmasını “nədənsə” istəmədi. Dünyanın “yeni qəbul etdiyi prinsipə” əsasən işğalçının adı ilə çağırılması məsələnin həllinə mane olar, birtərəflilik kimi qəbul edilə bilər. Ədalətin dəstəklənməsi, işğalçının ünvanının göstərilməsi birtərəflilikdirsə, işğalçıya maddi və mənəvi dəstək göstərmək, onu silahlandırmaq necə dəyərləndirilməlidir?”.

“Ermənistan uzun illərdir Yaxın Şərqin bəzi ölkələrindən gətirilən erməniləri Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində və ona bitişik rayonlarında qeyri-qanuni şəkildə yerləşdirməkdədir”, - deyə M.Həsənov bildirib. O qeyd edib: “Beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməyən Ermənistan məskunlaşdırma siyasətinin aparılmasının və işğal olunmuş ərazilərin demoqrafik tərkibinin məqsədyönlü şəkildə dəyişdirilməsi cəhdlərinin beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması olduğunun “fərqində deyil”. Rəsmi Bakı daim bu bəyanatla çıxış edir ki, beynəlxalq hüququn norma və prinsiplərinin icrası üçün vahid mexanizm olmalı, ədalət meyarı bütün dövlətlərə eyni şəkildə tətbiq edilməlidir. Həmçinin Livan hadisələri, Nikol Paşinyanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfəri, orada bəyanatlar verməsi, N.Paşinyanın xanımının “silaha sarılaraq” işğalçı dövlətin qadınlarını “Dağlıq Qarabağ uğrunda” döyüşlərə çağırması və sair hadisələr bir daha göstərir ki, Ermənistan hakimiyyəti münaqişənin sülh yolu ilə həllində maraqlı deyil. İşğalçı dövlətə “Dur!” demək zamanı çoxdan çatsa da, beynəlxalq ictimaiyyət hələ də susur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.