Livan və Tunisdə iğtişaşlar davam edir
AzerTAg.az

Qahirə, 28 yanvar, AZƏRTAC
COVID-19 pandemiyası şəraitində humanitar böhranla qarşılaşan Livan və Tunisdə iğtişaşlar davam edir.
AZƏRTAC xəbər verir ki, bu ölkələrdə etirazçıların polislə toqquşmaları nəticəsində ölən və yaralananlar var.
“Əl Ərəbiyə” telekanalının reportajında bildirilir ki, artıq üç gündür Beyrutda davam edən iğtişaşlar nəticəsində 1 nəfər ölüb, 67 nəfər xəsarət alıb. Sərt karantin rejimi nəticəsində iş yerlərini itirən, habelə ölkədəki yüksək inflyasiya və hərc-mərclikdən əziyyət çəkən etirazçılar hökumətin istefasını tələb edirlər. Bu yaxınlarda Livan hökumətinin bir neçə üzvü vəzifəsindən azad edilsə də, bu addım etirazları yatıra bilməyib. Beyrut və digər şəhərlərdə 24 saatlıq komendant saatının tətbiq olunması isə ölkədə yeni növ koronavirusdan 2500 insanın vəfat etməsi və virusun sürətlə yayılması ilə əlaqədardır.
Tunisdə də iğtişaşlar davam edir. Bu ölkədə polislə toqquşmalar zamanı 1 nəfər ölüb, 100-dən çox insan həbs edilib. Hökumətin ağır maliyyə böhranı, işsizlik və yüksək inflyasiya şəraitində tətbiq etdiyi sərt karantin rejimi Tunisi humanitar fəlakət həddinə çatdırıb. Bu ölkədə hər gün COVID-19 infeksiyasına 2 mindən çox yoluxma qeydə alınır. Pandemiya dövründə Tunisdə dövlət büdcəsinin kəsiri 4,7 milyard dollara yaxınlaşıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Xəbərin mətnində orfoqrafik səhv var