DÜNYA


Livanda çörək qıtlığı yaranıb

Qahirə, 28 iyul, AZƏRTAC

Ərzaq böhranının dərinləşdiyi Livanda əhali çörək sexlərinə və mağazalarına hücum edib. Hökumətin subsidiyası hesabına nisbətən ucuz qiymətə satılan çörək almaq üçün mağazaların qarşısında uzun növbələr yaranıb.

AZƏRTAC xəbər verir ki, əsas taxıl təminatı Ukraynadan olan və son dövrlər dərin sosial-iqtisadi böhranla üz-üzə qalmış Livanda əhali çörək qıtlığının yaranmasında hökuməti ittiham edir. Belə ki, bir çox mafioz qruplar qaçaqmalçılıq yolu ilə taxıl və çörək məhsullarını qonşu Suriyaya daşıyır.

Türkiyədə Ukrayna taxılının daşınmasına dair sazişin imzalanmasından sonra Livan hökuməti bu həftənin sonunda ölkəyə 49 min ton taxıl gətiriləcəyi barədə bəyanat verib. Bu ölkənin iqtisadiyyat naziri Amin Salam bildirib ki, Beyrutdakı anbarlardan taxılın oğurlanması və qonşu ölkəyə daşınması ilə bağlı təhqiqat aparılır.

Çörəklə yanaşı, Livanda yanacağın qiymətləri də rekord həddə çatıb. Bunun səbəbi Livan funtunun ABŞ dollarına nisbətdə hər gün dəyər itirməsidir. Ölkədəki siyasətçilər iddia edirlər ki, Livan Mərkəzi Bankı yanacaq idxalı üçün nəzərdə tutulan valyutanın 15 faizini “qara bazar” vasitəsilə satdırır. Bu iddiaları təkzib edən maliyyə naziri Yusif Xəlil bildirib ki, hazırkı inflyasiya və devalvasiya şəraitində dövlət büdcəsini tənzimləmək çox çətindir.

Bütün bu hadisələrin fonunda ABŞ-ın Livandakı səfiri Doroti Şe yerli hökuməti prezident seçkilərini vaxtında keçirməyə və Dünya Bankının etimadını qazanmaq üçün islahatları davam etdirməyə çağırıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.