DÜNYA


Livanda parlamentə seçilmək üçün 1044 nəfərin namizədliyi qeydə alınıb

Qahirə, 7 may, AZƏRTAC

Son illər faciələr, hökumət böhranları, dərin iqtisadi tənəzzül və iğtişaşlar ilə çalxalanan Livan mayın 15-də keçiriləcək parlament seçkilərinə hazırlaşır. Bu gün isə ölkə tarixində ilk dəfə ərəb və müsəlman dövlətlərində yaşayan 225 min livanlı səsvermədə iştirak edir. Onların bülletenləri təyyarələrlə Livan Milli Bankına göndəriləcək və mayın 15-də sayılacaq. Bundan başqa, dünyanın müxtəlif ölkələrində yaşayan livanlılar da seçkilərdə iştirak edirlər.

AZƏRTAC xəbər verir ki, 7 milyona yaxın əhalisi olan Livanda 128 yerlik parlamentə seçilmək üçün 1044 nəfərin namizədliyi qeydə alınıb. 2020-ci il avqustun 4-də Beyrut limanında baş vermiş dəhşətli partlayışdan sonra daxili ziddiyyətlərin daha da artdığı bir şəraitdə əsas mübarizə modern inkişaf tərəfdarları ilə islamçı qüvvələr arasında olacaq.

Ekspertlər hesab edirlər ki, parlament seçkilərinin nəticələri Livanda sabitliyin təmin edilməsi və sosial-iqtisadi böhrandan qurtulmaq istiqamətində həlledici amil olacaq.

Ərəb Liqası, Avropa İttifaqı və BMT-nin müşahidəçiləri xarici ölkələrdə livanlıların səsverməsinin gedişini müşahidə edirlər. Mayın 15-də ölkə daxilində keçiriləcək səsvermədə isə müşahidəçi qismində siyasi partiyaların təmsilçiləri iştirak edəcəklər.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.