DÜNYA


Livana yeni Baş nazir təyin edilib

Qahirə, 27 iyul, AZƏRTAC

Ötən ilin avqustunda Beyrutda baş vermiş dəhşətli partlayışdan sonra hökumət böhranı yaşayan Livanda daha bir siyasətçi Baş nazir təyin edilib. Bu dəfə Prezident Mişel Aun və ölkə parlamenti milyarder və əvvəllər iki dəfə Nazirlər Kabinetinə rəhbərlik etmiş Nacib Mikatiyə hökuməti formalaşdırmaq səlahiyyəti veriblər.

AZƏRTAC xəbər verir ki, 67 yaşlı yeni Baş nazir kabineti formalaşdırmaq məqsədilə parlamentdə təmsil olunan siyasi partiyalarla danışıqlar aparacaq. Nacib Mikati bəyan edib ki, Fransanın və Dünya Bankının Livanı dərin sosial-iqtisadi böhrandan çıxarmaq üçün irəli sürdükləri şərtləri yerinə yetirəcək. Qərb dövlətləri bu ölkədə hökumət böhranına son qoyulması tələbi ilə çıxış ediblər.

Yeni Baş nazir “Ən Nahar” qəzetinə müsahibəsində bildirib ki, onun hökuməti sırf texnokrat kabinet olacaq. Onun sözlərinə görə, yeni nazirlər siyasi çəkişmələrdən uzaq olmalıdırlar. Siyasi şərhçilər isə onun vədlərinə skeptik yanaşırlar. Onlar hesab edirlər ki, daxili siyasi ziddiyyətlər, xüsusən Hizbullahın şərtləri fonunda ölkədə sabitliyə nail olmaq mümkün olmayacaq.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.