İDMAN
“Liverpul”-“Barselona” matçının ən yaxşı oyunçusu elan edilib
Bakı, 8 may, AZƏRTAC
İngiltərənin “Liverpul” futbol komandasının yarımmüdafiəçisi Corcinyo Veynaldum Çempionlar Liqasının yarımfinal matçının Kataloniyanın “Barselona” komandasına qarşı cavab görüşündə ən yaxşı oyunçu olub.
AZƏRTAC xəbər verir ki, mayın 7-də Liverpulda “Anfield Road” stadionunda ev sahibləri kataloniyalılara 4:0 hesabı ilə qalib gəliblər. Fasilədən sonra Endrü Robertsonu əvəz edən Veynaldum iki dəqiqə ərzində rəqibin qapısından iki top keçirib.
“Ötən həftə Veynaldum “uydurma doqquz nömrə”li oyunçu qismində “Camp Nou” stadionuna çıxanda bu, çoxlarının “şok” vəziyyətinə saldı. Həmin hal “Barselona”nın qapısına vurulan dublla müqayisəedilməz idi. Bu dubl qarşılaşmada nəinki həlledici oldu, eyni zamanda, bütün futbol dünyasını heyrətə gətirdi”, - deyə Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) mətbuat xidmətinin məlumatında bildirilir.