DÜNYA
Liviyada toqquşmalar səbəbindən 2,2 mindən çox insan evini tərk edib
Bakı, 8 aprel, AZƏRTAC
Feldmarşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusunun paytaxta hücumu səbəbindən 2,2 mindən çox insan Tripolinin cənubunu tərk etmək məcburiyyətində qalıb.
AZƏRTAC Reuters informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat BMT-nin məruzəsində yer alıb. Sənəddə, həmçinin bildirilir ki, 210 min nəfərə yardım göstərmək üçün humanitar təşkilatların yerlərdə kifayət qədər resursu var.
Xatırladaq ki, aprelin 4-də Xəlifə Haftar paytaxt Tripoliyə hücum əməliyyatının başlandığını elan edib. Milli Həmrəylik Hökumətinin rəhbəri Faiz Saraca tabe olan hərbi birləşmələr şəhərə cənubdan soxulmağa çalışan Xəlifə Haftar tərəfdarlarına ciddi müqavimət göstərirlər. Hər iki tərəfin hərbi aviasiyadan istifadə etdiyi bildirilir. Son məlumata görə, döyüşlər zamanı həlak olanların sayı 32 nəfərə çatıb, 50-yə yaxın insan yaralanıb. Ölənlər arasında dinc sakinlər də var.
2011-ci ildə Müəmmar Qəddafi hökumətinin devrilməsindən sonra Liviya gərgin siyasi böhran dövrünü yaşayır. Ölkədə ikihakimiyyətlilik hökm sürür: şərqdə - Tobruk şəhərində seçkilərdə qələbə qazanan parlament, qərbdə - paytaxt Tripolidə isə BMT və Avropa İttifaqının dəstəyi ilə qurulan Milli Həmrəylik Hökuməti fəaliyyət göstərir.
Ölkənin şərq hissəsinin hakimiyyət orqanları Tripoliyə tabe olmur və Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarla əməkdaşlıq edir.