DÜNYA
Liviyanın paytaxtında iki hökumətin tərəfdarları arasında toqquşmalar başlayıb
Qahirə, 17 may, AZƏRTAC
Liviyanın paytaxtı Tripolidə parlament tərəfindən Baş nazir seçilmiş Fəthi Başağanın və bundan əvvəl hökumətə başçılıq etmiş Əbdülhəmid əl-Dbeybəhin tərəfdarları arasında silahlı toqquşmalar başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Əlhadath” telekanalı məlumat yayıb.
Aprelin 16-da gecə saatlarında F.Başağanın tərəfdarları Tripolidə hökumət binalarını ələ keçirmək üçün hərəkətə keçiblər. Qarşı tərəflə yaranan gərginlik silahlı toqquşmalara çevrilib. Hazırda Tripoli limanı və ətrafında atışmalar davam edir.
Liviya parlamentinin martda yeni Baş nazir seçməsi və fəaliyyətdə olan hökumətin başçısı əl-Dbeybəhin hakimiyyəti təhvil verməkdən imtina etməsi ölkə daxilində vəziyyəti daha da gərginləşdirib. Artıq BMT və ABŞ-ın vasitəçiliyi ilə tərəflər arasında ümumxalq seçkilərinin keçirilməsinə dair konsensus əldə ediləcəyi planı iflasa uğrayıb. Hazırda Qahirədə davam edən danışıqlar da nəticəsiz qalıb və vasitəçilər Liviyada yenidən genişmiqyaslı vətəndaş müharibəsi başlayacağını istisna etmirlər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə