DÜNYA


Liviyanın prezident şurası prokurora Haftarın  həbsinə order verməyi tapşırıb

Bakı, 9 aprel, AZƏRTAC

Liviyanın prezident şurası (prezident funksiyasını icra edən orqan) hərbi prokurorluğa feldmarşal Xəlifə Haftar və onun Tripoliyə hücumda iştirak edən müttəfiqlərinin həbsinə order verməyi tapşırıb.

AZƏRTAC Al Jazeera telekanalına istinadla xəbər verir ki, Milli Həmrəylik Hökumətinin başçısı Faiz Saracın rəhbərlik etdiyi prezident şurası Tripoliyə hücumla əlaqəli olan şəxslərin hamısının həbsi üçün order hazırlamaq barədə göstəriş verib. Bir qədər əvvəl Sarac Liviya Milli Ordusunun hərbçilərinin və onların komandanı Xəlifə Haftarın Liviya və beynəlxalq məhkəmələr qarşısında cavab verəcəyini bildirib.

Xatırladaq ki, aprelin 4-də Liviya Milli Ordusunun komandanı Xəlifə Haftar ölkənin əsas şəhərinə hücumun başladığını elan edib. Paytaxta nəzarət edən Milli Həmrəylik Hökumətinin rəhbəri Faiz Saracın əmri ilə ona tabe olan bütün hərbi birləşmələri tam döyüş hazırlığı səviyyəsinə gətirilib.

Aprelin 6-da paytaxtın 10 kilometrliyinə gəlib çıxan Haftarın qoşunu Tripoli beynəlxalq aeroportuna nəzarəti ələ keçirib. Aprelin 8-dək 2,2 mindən çox sakin şəhərdən qaçıb, paytaxt ətrafında gedən döyüşlərdə həlak olanların sayı isə 32 nəfərə çatıb. Həmin gün Sky News Arabia telekanalı Milli Ordu hissələrinin aeroportu tərk etdiyi, strateji obyektin Milli Həmrəylik Hökumətinə loyal qruplaşmaların nəzarətinə keçdiyi barədə məlumat yayıb.

2011-ci ildə Müəmmar Qəddafinin öldürülməsindən sonra Liviya gərgin siyasi böhran dövrünü yaşayır. Ölkədə ikihakimiyyətlilik hökm sürür: şərqdə - Tobruk şəhərində seçkilərdə qələbə qazanan parlament, qərbdə - paytaxt Tripolidə isə BMT və Avropa İttifaqının dəstəyi ilə qurulan Milli Həmrəylik Hökuməti fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.