SİYASƏT
Lixtenşteyn Azərbaycanda qeyri-neft sektoruna sərmayə qoyuluşunu nəzərdən keçirə bilər
Vadus, 11 oktyabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığına rəsmi səfəri çərçivəsində oktyabrın 11-də Lixtenşteyn Knyazlığının paytaxtı Vadus şəhərində Hökumət Evində Lixtenşteynin Baş nazirinin müavini, iqtisadiyyat, daxili işlər və ədliyyə naziri Tomas Tsvayfelhofer ilə görüşüb.
Görüşdə Elmar Məmmədyarov ölkəmizdə aparılan iqtisadi islahatlar barədə məlumat verib, Lixtenşteyn şirkətlərini Azərbaycan iqtisadiyyatına, xüsusilə qeyri-neft sektoruna sərmayə qoymağa dəvət edib. O, həmçinin Azərbaycanın və Lixtenşteynin müvafiq ticarət palataları arasında əlaqələrin qurulmasını və əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsini təklif edib. Bildirilib ki, Azərbaycanda son dövrlərdə irimiqyaslı nəqliyyat layihələri həyata keçirilir. Bu layihələr iqtisadi potensialına və gələcək perspektivinə görə bir sıra ölkələrin marağına səbəb olub. Gələcəkdə Lixtenşteyn şirkətlərinin də bu layihələrə qoşulmasının faydalı ola biləcəyi diqqətə çatdırılıb.
E.Məmmədyarov sərmayələrin təşviq olunması üçün ikiqat vergitutmadan azad olunma və sərmayələrin qorunması haqqında iki ölkə arasında müvafiq sazişin imzalanmasını qarşı tərəfə təklif edib. Eyni zamanda, Azərbaycanda sərmayə və biznes imkanlarını yaxından öyrənmək üçün Lixtenşteyn iş adamlarından ibarət nümayəndə heyətini Azərbaycana səfər etməsini, bu səfərin müvafiq qurumlar çərçivəsində müzakirə olunmasını təklif edib.
Kiçik dövlət olmasına baxmayaraq Lixtenşteynin adambaşına düşən gəlirə görə dünyada ilk yerlərdən birini tutduğunu qeyd edən T.Tsvayferhofer ölkəsinin güclü iqtisadiyyata və sənaye imkanlarına malik olduğunu və buna görə də Lixtenşteyn şirkətlərinin dünyanın müxtəlif ölkələrində məqsədəuyğun və səmərəliliyi təsdiq olunmuş iqtisadi layihələrdə iştirak etməkdə maraqlı olduqlarını ifadə edib.
Görüşdə tərəflər qarşılıqlı maraq doğuran bir sıra regional və beynəlxalq, eləcə də Avropadakı qaçqın böhranı, inkişaf etməkdə olan ölkələrdə gedən proseslər ətrafında fikir mübadiləsi aparıblar.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vadus