İDMAN
Liza Vortman: Azərbaycan hər zaman tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir
Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycan mötəbər tədbirlərə daim yüksək səviyyədə ev sahibliyi edir. Biz mühüm tədbirləri necə keçirmək lazım olduğunu Azərbaycandan öyrənə bilərik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Konqresində iştirak edən Avropa Gimnastika İttifaqının (UEG) baş direktoru Liza Vortman deyib.
L.Vortman bildirib: “Gələn il Bakıda iki Avropa çempionatı keçiriləcək. Bundan başqa, UEG-in iki görüşünün keçirilməsi də planlaşdırılır. Bu görüşlər çərçivəsində gələcək planlar müzakirə olunacaq”.
UEG prezidenti Fərid Qayıbovun fəaliyyətini yüksək qiymətləndirən L.Vortman qeyd edib: “Bu il onun UEG prezidenti kimi fəaliyyətinin birinci ilidir. Onunla və İcraiyyə Komitəsinin digər üzvləri ilə birgə gələcək planları müzakirə edirik. Bizim xeyli ideyamız var. Onlardan bəzilərini reallaşdırmışıq. Qalanlarını isə ümid edirəm ki, yaxın gələcəkdə həyata keçirə biləcəyik”.