İQTİSADİYYAT


Logistika şirkətləri ilə yükdaşıma zamanı vergilərlə bağlı yaranmış məsələlər müzakirə edilib

Bakı, 29 aprel, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə avtomobil nəqliyyatı vasitələri ilə yükdaşımalarda iştirak edən yerli şirkətlərlə onlayn formatda görüş keçirilib.

Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən DVX-nin rəis müavini Samirə Musayeva bu sahənin inkişafının dövlətin diqqət mərkəzində olduğunu qeyd edib, yükdaşımalar bazarında yerli şirkətlərin rəqabətə davamlılığının artırılmasının vacibliyini bildirib.

Onlayn görüşdə avtomobil nəqliyyatı vasitələri ilə yükdaşıma zamanı vergilərlə bağlı yaranmış məsələlər, daşımalarda yerli şirkətlərin iştirak payının artırılması, yerli avtodaşıyıcıların rəqabət qabiliyyətinin artırılması, TIR parklarının yenilənməsi və artırılması, nəqliyyat ekspedisiya xidmətlərinin inkişaf etdirilməsi sahəsində vergitutma məsələləri müzakirə edilib. Qeyd olunub ki, beynəlxalq yükdaşıma sahəsində nəqliyyat-ekspedisiya xidməti göstərən şirkətlərin fəaliyyətinə vergi təşviqlərinin verilməsi nəzərdə tutulur. Ekspeditorların fəaliyyəti üzrə xidmətlərin ƏDV-yə sıfır dərəcəsi ilə cəlb edilməsi təklifi artıq cari il üçün Vergi Məcəlləsinə dəyişikliklər layihəsinə əlavə edilib.

Görüş iştirakçıları avtomobil nəqliyyatı ilə yükdaşımalar sahəsinin inkişafı üçün təkliflər səsləndirib, şirkətlərin nümayəndələrinin sualları cavablandırılıb.

Tədbir iştirakçılarına beynəlxalq yükdaşıma sahəsində qaldırılmış bir sıra məsələlərə dair vergi qanunvericiliyi çərçivəsində cavablar verilib və sahibkarlar tərəfindən qarşılaşdıqları problemlərin necə rəsmiləşdirilməli olduğu izah edilib. Bildirilib ki, mövcud qanunvericilikdə onların fəaliyyətini məhdudlaşdıran hər hansı normalar yoxdur.

Dövlət Vergi Xidmətinin nümayəndələri sahibkarlara metodiki dəstək üçün əməliyyatların rəsmiləşdirilməsi, xərclərin tanınması üçün zəruri tövsiyələr və yazılı təlimatların təqdim ediləcəyini söyləyiblər.

Tədbirdə müvafiq sahə üzrə vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı qaldırılan məsələlərin və təkliflərin diqqətdə saxlanılacağı qeyd olunub, habelə daşıyıcıların fəaliyyətinin rəsmiləşdirilməsi ilə bağlı Vergi siyasəti baş idarəsinin müvafiq strukturu ilə birlikdə müvafiq təlimatların hazırlanması sahəsində qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyi vurğulanıb.

İşgüzar görüşdə İqtisadiyyat Nazirliyinin, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının, AZPROMO-nun, Dövlət Vergi Xidmətinin rəhbər vəzifəli şəxsləri və avtomobil nəqliyyatı ilə yükdaşımalar sahəsində fəaliyyət göstərən logistik şirkətlərin təmsilçiləri iştirak ediblər.

Görüşdə avtomobil nəqliyyatı vasitələri ilə yükdaşıyan şirkətlərin qarşılaşdıqları əsas çətinliklər və Dövlət Vergi Xidmətinin nəzarət sahəsinə düşən məsələlər ətrafında da müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.