CƏMİYYƏT
Lökbatan qəsəbəsində Aprel döyüşlərinin iştirakçısı olan bir qrup hərbçi ilə görüş olub
Bakı, 4 aprel, AZƏRTAC
Aprelin 4-də Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qaradağ rayonunda yaşayan Aprel döyüşçüləri ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a Qaradağ Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Tədbir torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının, o cümlədən Aprel döyüşlərində şəhid olmuş igid oğullarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, Aprel savaşları Ordumuzun döyüş əzminin göstəricisi, Azərbaycan xalqının birliyinin nümayişi idi. Bu, düşmənə və onun havadarlarına bir mesaj idi ki, danışıqlar nəticə vermədiyi təqdirdə Azərbaycan Ordusu qısa müddətdə üzərinə düşən vəzifəni yerinə yetirəcək.
Milli Məclisin deputatı Aydın Hüseynov çıxışında Ali Baş Komandanın ordu quruculuğuna, əsgər-zabit heyətinə göstərdiyi diqqət və qayğıdan danışıb.
Sonra Aprel döyüşlərinin qaziləri xatirələrini dilə gətirərək, bundan sonra da Vətənin müdafiəsi, torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün əllərindən gələni etməyə hazır olduqlarını vurğulayıblar.