CƏMİYYƏT
Lökbatan qəsəbəsində keçirilmiş aksiyada 4000 ədəd müxtəlif cinsli ağac tingləri paylanılıb
Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qaradağ rayonu ərazisində “Bu yaz özün bir təbiət yarat!” devizi altında keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara müxtəlif cinsli ağac tinglərinin paylanılması təşkil edildi.
Qaradağ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, aprelin 10-da Lökbatan qəsəbəsində Heydər parkının qarşısında keçirilmiş aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən vətəndaşlara paylanılmış müxtəlif cinsli ağac tinglərinin əkilməsi və qulluq göstərilməsi qaydalarına dair tövsiyələr verilib.
Daha sonra aksiya iştirakçılarına 4000 ədəd müxtəlif cinsli ağac tingləri paylanılıb.
Təşkil edilmiş aksiyada paylanılmış ağacların vətəndaşlar tərəfindən çoxmərtəbəli yaşayış binalarının ətrafında, yaşıllıq zolaqlarında əkilməsi planlaşdırılır.