CƏMİYYƏT
Lökbatan qəsəbəsində şəhid Yunis Surxayevin anım mərasimi keçirilib
Bakı, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 13-də Qaradağ rayonu Lökbatan qəsəbəsində Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş Yunis Rafik oğlu Surxayevin anım mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a Qaradağ Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətindən başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri, yaxınları, qazilər, şəhidin hərbçi yoldaşları, Milli Məclisin deputatı Aydın Hüseynov, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə mərasim iştirakçıları Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında şəhid Surxayev Yunis Rafik oğlunun məzarı önünə əklil və gül dəstələri qoyulub.
Şəhid Yunis Surxayev 20 yanvar 2002-ci ildə Qaradağ rayonunun Qobustan qəsəbəsində anadan olub. 2008-ci ildə Qobustan qəsəbəsindəki 233 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub və 2019-cu ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2020-ci ilin aprelində hərbi xidmətə gedib.
Sentyabrın 27-də səhər saatlarında Ermənistan yaraqlıları Azərbaycanın Füzuli, Cəbrayıl, Tərtər, Ağdərə istiqamətlərində Ordumuzun mövqelərinə, kəndlərimizə iriçaplı silahlardan, ağır artilleriyadan istifadə edərək, genişmiqyaslı təxribatlara yol açıblar. Azərbaycan Silahlı Qüvvələri təxribatın qarşısını almaq üçün əks-hücumla düşmənə ağır zərbələr endiriblər.
Yunis Surxayev 2020-ci il oktyabrın 13-də Suqovuşanın azad olunması istiqamətində gedən şiddətli döyüşlərin birində qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Vətən müharibəsinin şəhidi Yunis Rafik oğlu Surxayev ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından söz açıb.
Mərasimdə şəhidlərin yaxınları onların xatirəsinə göstərilən hörmət və ehtirama görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildiriblər.