DÜNYA
London Aİ-yə azad ticarət barədə məhdud saziş imzalamağı təklif edib
Bakı, 11 oktyabr, AZƏRTAC
Böyük Britaniya Avropa İttifaqına azad ticarət barədə məhdud saziş imzalamağı təklif edib. Londonun fikrincə bu, Birləşmiş Krallığın Avropa İttifaqını, planlaşdırıldığı kimi, oktyabrın 31-nə qədər tərk etməsinə imkan verəcək.
AZƏRTAC Sky News telekanalına istinadla xəbər verir ki, bu, həm də Böyük Britaniya və Avropa İttifaqı ölkələri arasında sazişsiz Brexit prosesi zamanı yarana biləcək bütün tarifləri sıfırlaya bilər. Eyni zamanda, İrlandiya adası ilə bağlı vacib məsələ olan gömrük sərhədi probleminin necə həll olunacağı hələ ki, aydın deyil. Adanın bir hissəsi Avropa İttifaqının tərkibinə daxil olan İrlandiya Respublikasının tərkibindədir, digər hissəsi isə Böyük Britaniyanın tərkibindəki Şimali İrlandiyaya aiddir.
Brüssel Birləşmiş Krallığın Baş Naziri Boris Conson və İrlandiya hökumətinin rəhbəri Leo Varadkar arasında dünən keçirilən danışıqların nəticəsindən ilhamlanıb. Görüşdən sonra İrlandiya hökumətinin rəhbəri oktyabrın sonlarına qədər Brexit barədə sazişin imzalanmasının mümkün olduğunu bildirib. Varadkarın mövqeyinin dəyişməsi digər Avropa liderlərinin də onunla həmrəylik nümayiş etdirməsinə gətirib çıxara bilər.
Baş nazirlərin görüşünün nəticələri dərc olunduqdan sonra Böyük Britaniya funt sterlinqinin məzənnəsi aktiv yüksəliş nümayiş etdirib. Nəticədə hərracın başlaması ilə funt sterlinq 1,5 faiz bahalaşıb və günün sonunda onun dəyəri 1,24 dollara çatıb.