London COVID-19 virusuna qarşı milyonlarla doza peyvənd sifariş edib
AzerTAg.az
Bakı, 7 sentyabr, AZƏRTAC
İngiltərə ilə İsveçin birgə “AstraZeneca” əczaçılıq kompaniyası Böyük Britaniya hökumətinin sifarişi əsasında koronavirusa qarşı 30 milyon vaksin dozasının istehsalına başlayıb.
AZƏRTAC LBC radiostansiyasına istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Səhiyyə naziri Mett Henkok deyib. “Biz artıq “AstraZeneca” əczaçılıq kompaniyası ilə 30 milyon vaksin dozasının istehsalı üzrə müqavilə bağlamışıq və onlar peyvənd hələ təsdiqlənməmiş sifarişin istehsalına başlayıblar”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, peyvəndin istifadə edilməsi təsdiqlənən kimi Böyük Britaniya onu bazara çıxarmağa hazır olacaq. Bu, ən yaxşı halda cari ildə və gələn ilin ilk bir neçə ayı ərzində baş tutacaq. Bununla yanaşı, Mett Henkok Londonun digər beynəlxalq istehsalçılardan da vaksin aldığını təsdiqləyib.
Qeyd edək ki, “AstraZeneca” və Oksford Universitetinin COVID-19 infeksiyası əleyhinə hazırladıqları müştərək peyvənd hələ də Böyük Britaniya, Braziliya və Cənubi Afrika Respublikasında klinik sınaqlardan keçir.
“AstraZeneca” kompaniyası, həmçinin avqust ayında koronavirusun profilaktikası və müalicəsi üçün nəzərdə tutulmuş preparatın klinik sınaqlarına başlayıb. Sınaqlarda 18-55 yaşarası 50-yə yaxın könüllü iştirak edir. Ümumilikdə isə dünyada COVID-19 virusuna qarşı 100-dən çox vaksin üzərində iş aparıldığı bildirilir.

Xəbərin mətnində orfoqrafik səhv var