SİYASƏT
Londonda Anım Günü ilə bağlı məlumatlandırıcı aksiya təşkil edilib
Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Birləşmiş Krallıqda fəaliyyət göstərən Britaniya-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə London şəhərində Anım Gününə həsr olunmuş məlumat xarakterli aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, aksiya zamanı erməni işğalçılarının Qarabağda törətdikləri vandallığa dair fotoları və "Azərbaycan müharibə tərəfdarı deyil", "Erməni işğalçılarının əsl siması", "Erməni reallıqları", "Ermənistanın mədəni terroru. Rus ortodoks kilsəsini dağıdıb" ifadələrini əks etdirən LED ekranlı yük avtomobilinin hərəkəti təmin edilib. Saat 10:00-dan 20:00-dək avtomobil şəhərin Parlament meydanı, Trafalqar meydanı, Kovent bağı, Kensinqton məhkəməsi və Çeniston Bağları marşrutu üzrə hərəkət edib.