SİYASƏT


Londonda Avropa xəbər agentliklərinin gələcəyi barədə müzakirələrdə AZƏRTAC da iştirak edib

London, 7 fevral, AZƏRTAC

Londonda Avropa Xəbər Agentlikləri Alyansı (EANA) tərəfindən həyata keçirilən “Avropada xəbər agentliklərinin gələcəyi” mövzusunda məruzənin müzakirələrində AZƏRTAC da iştirak edib.

Layihə Avropa Xəbər Agentlikləri Alyansı, “London School of Economics” (LSE), Jyllands-Posten Fondu, LSE-nin media və kommunikasiya departamenti, Finlandiyanın Media Araşdırma Fondu, Helsinki Universiteti tərəfindən maliyyələşdirilib.

Təqdimat mərasimində çıxış edən Böyük Britaniyanın Press Association xəbər agentliyinin baş icraçı direktoru Klayv Marşal rəhbəri olduğu qurumun yeni innovasiyaları haqqında məlumat verib. Agentliyin ictimai qurumlara multimedia məhsulları təqdim etdiyini bildirən Klayv Marşal xəbər mediasının Google və Facebook internet nəhəngləri ilə rəqabəti, yeni texnologiyalar, az büdcə ilə daha geniş məzmunun əhatə edilməsi, çap dövriyyəsinin sona çatması və digər məsələlərlə bağlı danışıb.

Daha sonra “LSE”nin informasiya sistemləri və innovasiyalar üzrə professoru Karsten Sorenson “Media və xəbər agentlikləri platformasında imkanlar” mövzusunda məruzə ilə çıxış edib.

Panel müzakirələrlə davam edən tədbirdə Vyana Universitetinin professoru Volfqanq Vislozilin “Dəyişən media sistemlərinin Avropa xəbər agentliklərinin biznes və innovasiya siyasətinə təsiri” mövzusunda məruzəsi dinlənilib. Milli xəbər agentliklərinin öz ölkələri ilə yanaşı, beynəlxalq arenada fəaliyyət göstərdiklərini söyləyən V.Vislozil onların, eyni zamanda, AP, Reuters, TASS və Sinxua kimi qurumlarla rəqabətə girdiklərini bildirib.

Konfransda AZƏRTAC-ın fəaliyyəti, həyata keçirdiyi layihələr, tətbiq etdiyi yeniliklər barədə də məlumat verilib. Agentliyin nümayəndəsi Anar Rzayev qeyd edib ki, AZƏRTAC regionun aparıcı agentliklərindən biri olmaqla 8 dildə informasiya, 5 dildə videoxəbərlər yayır. Bildirilib ki, AZƏRTAC artıq ispan dilində də xəbər yayımına başlayıb. Bunun Latın Amerikası ölkələrinin auditoriyasına birbaşa çıxış əldə etmək, ispandilli media qurumları ilə informasiya mübadiləsi aparmaq, Azərbaycanla bağlı məlumatları daha geniş auditoriyaya çatdırmaq üçün yaxşı əsas yaradacağı diqqətə çatdırılıb.

Daha sonra “Xəbər agentlikləri ilə dövlət arasında dəyişən münasibətlər”, “Baltik ölkələrində xəbər agentlikləri: kiçik bazarda xəbər agentlikləri üçün çətinliklər”, “Media sahibləri: milli xəbər agentliklərinin biznes model innovasiyaları” mövzularında araşdırmaların nəticələri iştirakçılara təqdim olunub.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.