İQTİSADİYYAT
Londonda Azərbaycan Dövlət Dəniz Administrasiyasında keçirilən audit yoxlamasının nəticələrinin hesabatı dinləniləcək
Bakı, 24 noyabr, AZƏRTAC
Londonda Azərbaycan Dövlət Dəniz Administrasiyasında keçirilən audit yoxlamasının nəticələrinin hesabatı dinləniləcək.
Azərbaycan Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 27-dən dekabrın 6-dək Beynəlxalq Dəniz Təşkilatının 30–cu Assambleyasının sessiyasında iştirak edəcək. Assambleya Beynəlxalq Dəniz Təşkilatının London şəhərində yerləşən mənzil–qərargahında keçiriləcək.
İclasda Assambleyanın prezidentinin və vitse-prezidentlərinin seçilməsi, etimadnamə komitəsinin və digər komitələrin yaradılması, Beynəlxalq Dəniz Təşkilatının Şurasının və digər komitələrinin 2017–ci il ərzində keçirilən sessiyalarının yekunları barədə məruzələrin dinlənilməsi nəzərdə tutulur.
Eyni zamanda, Assambleyanın iclasının gedişində “Beynəlxalq Dəniz Təşkilatı haqqında” Konvensiyanın 16–cı və 17–ci maddələrinə uyğun olaraq növbəti ikiillik müddətə Beynəlxalq Dəniz Təşkilatının Şurasına seçkinin keçirilməsi, dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyaların tələblərindən irəli gələn öhdəliklərin icra vəziyyətinin qiymətləndirilməsi məqsədilə Beynəlxalq Dəniz Təşkilatının Audit Ekspert Qrupunun 2017–ci il mayın 28-dən iyunun 6-dək Azərbaycan Dövlət Dəniz Administrasiyasında keçirdiyi audit yoxlamasının uğurlu nəticələri ilə bağlı hesabatın dinlənilməsi, bununla yanaşı 2017–ci ildə keçirilən digər audit yoxlamaların nəticələrinə dair məlumatların verilməsi, BMT–nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatına üzv olan 172 dövlətin hesabatının və Beynəlxalq Dəniz Təşkilatının təlim–tədris mərkəzlərinin hesabatlarının dinlənilməsi, 2016 və 2017-ci illərdə qeyd edilən “Beynəlxalq Dənizçi Günü” ilə əlaqədar hesabatların verilməsi, 2017–ci ildə dənizdə xüsusi cəsarətə görə fərqlənmiş dənizçiyə “Dənizdə Xüsusi Cəsarətə görə” Beynəlxalq Dəniz Təşkilatının Mükafatının təqdim edilməsi nəzərdə tutulur.