SİYASƏT


Londonda Britaniyadakı Azərbaycan diasporunun üzvləri ilə görüş keçirilib

London , 4 dekabr , AZƏRTAC

Böyük Britaniyada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradov London şəhərində Azərbaycan icmasının nümayəndələri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Londonda fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri, Birləşmiş Krallıqda yaşayan Azərbaycanlıların Koordinasiya şuralarının üzvləri, türk və Azərbaycan diasporlarının nümayəndələri iştirak ediblər.

Görüşdə Azərbaycanın Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizədə həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşı Nicat Quliyev çıxış ediblər.

Fuad Muradov Vətən müharibəsi dövründə göstərdikləri fəallığa görə icma üzvlərinə minnətdarlığını bildirib. O, diasporun fəaliyyətinin daim dövlətimizin başçısının nəzarətində olduğunu vurğulayıb.

Komitənin fəaliyyəti barədə icma üzvlərinə məlumat verən F.Muradov həmvətənlərimizi diasporumuzun birliyi və həmrəyliyi baxımından böyük əhəmiyyət kəsb edən Azərbaycan evlərinin fəaliyyətində yaxından iştirak etməyə çağırıb. “Azərbaycan evləri soydaşlarımız üçün nəzərdə tutulub. Bu evlər həmvətənlərimizi birləşdirən məkandır. Hər kəsi Azərbaycan evlərini tez-tez ziyarət etməyə çağırıram”, - deyə o bildirib.

Səfirliyin əməkdaşı Nicat Quliyev 44 günlük müharibə zamanı göstərdikləri birliyə görə icma üzvlərinə təşəkkürünü bildirib, bu fəallığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Tədbir növbəti mərhələdə görüləcək işlərlə bağlı fikir mübadiləsinin aparılması və tövsiyələrin verilməsi ilə yekunlaşıb.

Qeyd edək ki, Fuad Muradov qarşıdakı günlərdə Mançester, Aberdin və ətraf şəhərlərdə yaşayan Azərbaycan icmalarının üzvləri ilə də görüşlər keçirəcək.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.