Londonda “Caspian-Xəzri” Azərbaycan Şənbə günü məktəbi açılmışdır
AzerTAg.az
London 6 noyabr (AZƏRTAC). Londonda Avropa-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə “Caspian-Xəzri” Azərbaycan Şənbə günü məktəbinin açılışı olmuşdur.
“Caspian-Xəzri” məktəbi Londonda yaşayan azərbaycanlı uşaqların bir araya gəlməsi, ana dilini, Azərbaycan tarixini, mədəniyyətini, incəsənətini dərindən öyrənməsi, doğma torpağın coğrafiyası barədə məlumat alması məqsədi ilə yaradılmışdır. Məktəb artıq 5 ildir fəaliyyət göstərir.
Məktəbin direktoru Nailə Zülfüqarova açılış mərasimində iştirak edən Azərbaycan diasporunun nümayəndələrini salamlamış, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının tarixi köklərinə bağlılığının vacibliyindən danışmışdır.
Sonra müəllimə Asya Əfəndi uşaqları sinfə dəvət etmiş, xalqımızın ümummilli lideri Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” sözləri ilə ilk dərsə başlamışdır. Şagirdlərə Azərbaycanın ən yeni tarixi, ölkəmizdə gedən geniş quruculuq işləri, respublikamızın sürətli inkişafı barədə məlumat verilmişdir.
Uşaqlara Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin təqdim etdiyi kitablar paylanmışdır.
Direktor Nailə Zülfüqarova AZƏRTAC-a müsahibəsində hazırda məktəbdə 20-dək şagirdin qeydiyyatdan keçdiyini bildirmişdir. Məqsədimiz Vətəndən uzaqda yaşayan azərbaycanlı uşaqlara Azərbaycan mədəniyyəti, tarixi, incəsənəti barədə məlumat vermək, milli mahnılarımızı, rəqslərimizi öyrətmək, onları vətənpərvərlik ruhunda tərbiyə etməkdir. Dərs ili ərzində rəqs və rəsm dərnəkləri təşkil edəcək, Azərbaycan ədiblərinin əsərləri əsasında səhnəciklər quracağıq. Hər dərsimizdə şagirdlərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda mübarizədə şəhid olmuş qəhrəman oğul və qızlarımız haqqında danışacağıq. Çox istəyirik ki, Britaniyada yaşayan azərbaycanlı uşaqlar Vətənə qayıdanda yaşıdları ilə doğma dildə ünsiyyət qura bilsinlər, öz köklərini unutmasınlar.
Xəbərin mətnində orfoqrafik səhv var