QAN YADDAŞI
Londonda yaşayan balaca həmvətənlərimiz Xocalı soyqırımı ilə bağlı hisslərini rəsmlərlə çatdırıblar
London, 24 fevral, AZƏRTAC
Azərbaycanın Böyük Britaniyadakı səfirliyində "Sara Xatun" Azərbaycanlı Qadınlar Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar balaca həmvətənlərimizin çəkdiyi rəsmlər nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, "Sara Xatun" Azərbaycanlı Qadınlar Cəmiyyətinin üzvü Sevil Aslanova iştirakçılara Xocalı faciəsi haqqında məlumat verib. Bildirib ki, Azərbaycandan kənarda yaşayan balaca həmvətənlərimiz soyqırımı ilə bağlı hisslərini rəsmlərlə çatdırıb, bu yolla Xocalıya ədalət çağırışı ediblər.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə balaca həmvətənlərimizə bu rəsmlərinə görə minnətdarlığını bildirib, onların Azərbaycandan kənarda olsalar da, azərbaycançılıq hissi ilə böyümələrinin vacibliyindən danışıb.
Tədbir çərçivəsində Azərbaycanın xalq mahnısı “Sarı gəlin” canlı ifa olunub.
Daha sonra balaca həmvətənlərimizin əsərlərinə baxış keçirilib. Səfirlik adından onlara hədiyyələr təqdim edilib.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London