SİYASƏT
Londondakı “Azərbaycan evi”ndə mərhum telejurnalist Çingiz Mustafayevin xatirəsi anılmışdır
Bakı, 20 iyun (AZƏRTAC). Londondakı “Azərbaycan evi”ndə Azərbaycanın Milli Qəhrəmanı, mərhum telejurnalist Çingiz Mustafayevin ölümünün ildönümünə həsr edilmiş xatirə gecəsi keçirilmişdir.
Ölkəmizin Londondakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Britaniya ictimaiyyətinin nümayəndələri, Azərbaycan icmasının üzvləri və diplomatik nümayəndəliyimizin əməkdaşları iştirak etmişlər.
Xatirə gecəsində jurnalistin həyat və fəaliyyətindən bəhs edən, ANS televiziyasının hazırladığı və ötən il CNN telekanalında yayımlanmış film göstərilmişdir.
Səfir Fəxrəddin Qurbanov, BBC-nin keçmiş əməkdaşı, hazırda “Gruntlers Art” qrupunun üzvü, yazıçı-jurnalist Vladimir Videman, Avropa-Azərbaycan Cəmiyyətinin təmsilçisi Emil Ağazadə Ç.Mustafayevin Ermənistanın Azərbaycana təcavüzü nəticəsində hərbi əməliyyatların beynəlxalq ictimaiyyətə çatdırılmasında əvəzsiz rolunu qeyd etmişlər.
Tədbirdə Ç.Mustafayevin yeni jurnalistikanın yaradılmasına təsirindən bəhs olunmuş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, xüsusilə də Xocalı soyqırımı haqqında məlumatların ilk dəfə məhz onun səyləri nəticəsində yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldığı vurğulanmışdır.