MƏDƏNİYYƏT


“Lonely Travel”: Azərbaycan 2020-ci ildə səyahətlər üçün ən yaxşı istiqamətlərin ilk onluğuna daxildir

Madrid, 10 dekabr, AZƏRTAC

İspaniyanın ən qocaman nəşrlərindən biri olan “La Vanguardia” qəzetində “2020-ci ildə səyahətlər üçün on ən yaxşı istiqamət” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, İspaniya nəşriyyatı ilə əməkdaşlıq edən “Lonely Travel” turoperatoru özünün “Best in Travel” siyahısını təkrar nəşr edib. Gələn il üçün səyahətlərin reytinq siyahısına qiymət və keyfiyyət nisbətləri ən münasib olan ölkələr, regionlar, şəhərlər və istiqamətlər daxil edilir.

“Lonely Travel” nəşrinin müəllifləri növbəti dəfə səyahətə çıxarkən sərf edilən hər qəpiyin müqabilində ləzzət almaq istəyənlər üçün on anklav seçiblər.

Bələdçiyə daxil edilmiş on ən yaxşı istiqamət arasında Azərbaycan da var. Nəşrdə yazılır: “Cənubi Qafqazda yerləşən Azərbaycan Qərb və Şərq mədəniyyətlərinin qovuşduğu məkandır. Bu səbəbdən ölkə daha da cəlbedici olub. Azərbaycan öz təbii gözəllikləri, sahilyanı rayonların fərqli landşaftı ilə qonaqları heyrətləndirir. Respublikanın paytaxtı Bakı şəhəri orta əsrlərə aid qala ilə məşhurdur. Buradakı tikililər ən müasir memarlıq nümunələri ilə heyrətamiz təzad təşkil edir. Bütün bunlar sizə az görünürsə, bunu da əlavə edək ki, Azərbaycan dünyada ən ucuz ölkələrdən biridir”.

Ən yaxşı turizm istiqamətləri siyahısına Şərqi Nusa Tenqara (İndoneziya), Budapeşt (Macarıstan), Madhya-Pradeş (Hindistan), Buffalo (ABŞ), Serbiya (Tunis) və Keyp Uaynlends də (Cənubi Afrika) daxildir.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.