İDMAN
“Los-Anceles Leykers” və “LA Klippers” komandalarının oyunu Kobe Brayantın ölümü ilə əlaqədar təxirə salınıb
Bakı, 28 yanvar, AZƏRTAC
Amerika Milli Basketbol Assosiasiyası (NBA) “Los-Anceles Leykers” və “LA Klippers” komandaları arasında oynanılacaq matçın əfsanəvi basketbolçu Kobe Brayantın, qızı Giannanın və daha yeddi nəfərin ölümü ilə əlaqədar təxirə salınması barədə qərar qəbul edib.
AZƏRTAC Assosiasiyanın “Twitter” səhifəsinə istinadla xəbər verir ki, açıqlamada oyunun keçiriləcəyi vaxt barədə ətraflı məlumat veriləcəyi qeyd olunub.
Bundan başqa, NBA-da çıxış edən “Dallas Mavericks” klubu da məşhur basketbolçunun xatirəsinə ehtiram əlaməti olaraq onun çıxış etdiyi 24 nömrənin bu klubun heyətində bir daha istifadə edilməyəcəyini açıqlayıb. Klubun bu barədə yaydığı açıqlamada qeyd olunub: “Kobe bu oyun üçün bir elçi və əfsanə idi. Ən əsası ailəsinə bağlı bir ata idi. Kobenin mirası basketbolun da hüdudlarını aşır. Buna görə də 24 nömrəli formanın bir daha istifadə edilməməsi qərara alınıb”.
Qeyd edək ki, “Los-Anceles Leykers” komandası Kobe Brayantın karyerası ərzində formasını geyindiyi 8 və 24 nömrəli formaların onun basketbolla vidalaşmasından sonra bir daha istifadə olunmayacağını açıqlamışdı.