DÜNYA
Los-Anceles aeroportunda qaz sızması nəticəsində dörd işçi zərər çəkib VİDEO
Vaşinqton, 1 noyabr, AZƏRTAC
Bazar ertəsi Los-Anceles beynəlxalq aeroportunun yardımçı binasında karbon qazı sızması nəticəsində dörd işçi zərər çəkib.
AZƏRTAC Los-Anceles yanğından mühafizə idarəsinin nümayəndəsi Brayan Hamfrinin bəyanatına istinadla xəbər verir ki, zərərçəkənlərdən biri ağır vəziyyətdədir. Digər zərərçəkənlərə - iki kişiyə və bir qadına hadisə yerində kömək göstərilib.
Hamfrinin sözlərinə görə, ilkin məlumatda qaz sızmasının səkkizinci terminalın baqaj bölməsində baş verməsi bildirilib, sonra isə müəyyən edilib ki, fövqəladə hadisə yardımçı binadan baş verib. Qaz sızması aeroportun ictimai yerlərinə təsir göstərməyib, lakin rəsmi şəxslər sərnişinləri qorumaq məqsədilə təqribən 100 nəfəri qonşu yeddinci terminala köçürüblər. Bu terminal “United Airlines” və “United Express” aviaşirkətlərinin təyyarələrinə xidmət edir.
Yanğından mühafizə idarəsinin nümayəndəsi kapitan Erik Skott mətbuat konfransında bildirib ki, hadisə karbon qazından istifadə olunan yanğınsöndürmə sistemi ilə təchiz olunmuş elektrik avadanlığı yerləşən binada baş verib. Skottun sözlərinə görə, zərər çəkmiş dörd nəfər müstəqil podratçılar kimi otaqda işləyərkən əvvəlcə partlayış səsi eşidilib, sonra karbon qazı yayılıb. Leytenant Karla Rodrigesin sözlərinə görə, aeroportun polis işçiləri zərərçəkənlərin ilk tibbi yardım göstəriblər, sonra hadisə yerinə həkimlər gəlib.
Skottun sözlərinə görə, yanğınsöndürənlər rəngsiz və iysiz qazı binadan təmizləmək üçün müvafiq qurğulardan istifadə ediblər. Aeroportun administrasiyası öz tviter səhifəsində yazıb ki, “United Airlines” aviaşirkəti yeddinci terminaldan reyslərin yerinə yetirilməsini davam etdirir.
AZƏRTAC–ın Vaşinqton bürosu