MƏDƏNİYYƏT
Los-Ancelesdə ümummilli lider Heydər Əliyevin 94-cü ildönümünə həsr edilən konsert olub
Bakı, 8 may, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar Los-Anceles şəhərində geniş konsert keçirilib.
Nəsimi Rayonu İcra Hakimiyyətinin təşəbbüsü ilə mayın 6-da keçirilmiş konsert Los-Ancelesin ən qədim və nüfuzlu incəsənət məkanlarından olan Orfeum Teatrında təşkil olunub. Azərbaycanın tanınmış incəsənət ustaları tərəfindən milli musiqi və rəqslərimizdən əvəzsiz nümunələrin səsləndirilməsi və nümayişi 2 minə yaxın tamaşaçı tərəfindən böyük rəğbətlə qarşılanıb.
Əvvəlcə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış ediblər.
Asif Əsgərov çıxışında Ulu Öndərin həyat yolundan və müasir Azərbaycanın qurulmasında, eləcə də ölkəmizin tərəqqisində oynadığı əvəzsiz tarixi xidmətlərdən danışıb. Qeyd edib ki, dahi dövlət xadimi Heydər Əliyev qısa vaxt ərzində ölkədə sabitliyin yaradılmasına nail olub, bütün istiqamətlərdə yeni təşəbbüslərə start verib, müasir Azərbaycanın tərəqqisinin təməlini qoyub. Ümummilli Liderin daxili və xarici siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, nəticədə Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən və müasirləşən dövlətlərindən birinə çevrildiyini bildirib. A.Əsgərov deyib: “İyirmi beş ildən artıqdır ki, Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatın yeni bir dövrünü - müstəqillik dövrünü yaşayır. Bu dövr ərzində ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tuta bilib. Prezident İlham Əliyevin rəhbərliyi altında sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr ölkəmizin qüdrətini daha da artırmaqdadır”.
Sonra Heydər Əliyevin həyatını əks etdirən videoçarx nümayiş etdirilib.
Daha sonra incəsənət ustalarımızın möhtəşəm konsert proqramı təqdim olunub. Xalq Artisti, professor Siyavuş Kərimin musiqi rəhbərliyi altında nümayiş etdirilən geniş repertuarda xalq mahnılarımızdan, muğamlarımızdan, dahi bəstəkarlarımızın ölməz əsərlərindən, solo ifaçılıq sənətimizdən və milli rəqslərimizdən ən gözəl nümunələrə yer verilib. Bu səpkidə Xalq artistləri Mənsum İbrahimov, Samir Cəfərov, Azər Zeynalov, Əməkdar Artist Aygün Zeynalova və gənc müğənni Arzu Əliyeva tərəfindən səsləndirilən rəngarəng mahnı və muğam təsnifləri, simfonik musiqi əsərləri, eləcə də gənc rəqqasə Röya Əliyevanın təqdim etdiyi şux rəqslər geniş tamaşaçı kütləsinin sözün əsl mənasında zövqünü oxşayıb.
Konsertin sonunda bəstəkar Rauf Hacıyevin ölməz əsərlərindən olan məşhur “Azərbaycan” mahnısının sədaları altında rəqqasə Röya Əliyevanın Azərbaycan bayrağı ilə təntənəli rəqsi xüsusilə yadda qalıb.
Konsertdən sonra Los-Ancelesin siyasi, ictimai xadimlərinin, tanınmış mətbuat nümayəndələrinin, eləcə də xarici ölkələrin Los-Ancelesdə akkreditə olunmuş baş konsul və fəxri konsullarının, həmçinin Azərbaycan diasporu və digər dost icmaların aparıcı təmsilçilərinin iştirakı ilə geniş qəbul keçirilib.