İQTİSADİYYAT
“Lufthansa” aviaşirkəti Azərbaycana uçuşlarının sayını artırır
Bakı, 12 mart (AZƏRTAC). “Lufthansa” aviaşirkəti Azərbaycana uçuşlarının sayını artırır.
AZƏRTAC xəbər verir ki, bunu martın 12-də Bakıda keçirilən mətbuat konfransında jurnalistlərə “Lufthansa” aviaşirkətinin Rusiya Federasiyasında və MDB ölkələrində regional direktoru Ronald Şuls açıqlamışdır.
Ronald Şuls bildirmişdir ki, yay cədvəlinə uyğun olaraq martın 31-dən etibarən “Lufthansa” Bakı-Frankfurt istiqamətində uçuşların sayını həftədə 4-dən 5-dək artırır. Uçuşlar bazar ertəsi, çərşənbə, cümə axşamı, cümə və bazar günləri yerinə yetiriləcəkdir. Aviareyslər birinci, biznes və ekonom siniflər olmaqla, üç sinifli müasir “Airbus A330” və “Airbus A340” hava gəmilərində həyata keçiriləcəkdir.
“Lufthansa”nın Azərbaycanda və Türkmənistandakı nümayəndəsi Ştefan Versmann aviaşirkətin regionda getdikcə artan inkişaf dinamikasını açıqlayaraq qeyd etmişdir ki, 2012-ci ildə sərnişin axını 6,8 faiz, şirkətin ümumi gəliri isə 17,4 faiz artmışdır. Bütün bunlar aviaşirkətə regionda öz xidmətini inkişaf etdirməyə və yeni reys və təkliflərə fəal surətdə investisiya qoymağa imkan verir.
Həmçinin Azərbaycandan və Türkmənistandan olan sərnişinlər “Lufthansa”nın təyyarələrində internetə genişzolaqlı çıxış – FlyNet-dən də yararlana bilərlər.