MƏDƏNİYYƏT
“Lufthansa” şirkəti öz səhifələrində Bakının görüntülərini yerləşdirib
Berlin, 16 oktyabr, AZƏRTAC
Avropanın ən böyük aviadaşıyıcı şirkətlərindən olan Almaniyanın “Lufthansa” şirkətinin “Instagram” sosial şəbəkəsindəki rəsmi hesabında “CityOfTheMonth” (Ayın Şəhəri) rubrikası çərçivəsində Bakı şəhərinin görməli yerlərini əks etdirən şəkil və videomateriallar yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, şəkillərdə Bakı şəhərinin gecə görüntüsü, Dənizkənarı Bulvarda yerləşən “Baku Eye” attraksionunun, müəllifi məşhur britaniyalı arxitektor Zaha Hadid olan Heydər Əliyev Mərkəzinin, Təzə Pir Məscidinin, İçərişəhərdəki tarixi tikililərin, Bakı şəhərinin simvoluna çevrilmiş Alov Qüllələrinin və Filarmoniya bağının şəkilləri, Bakı şəhərinin gündüz və gecə vaxtı lentə alınmış görüntülərini əks etdirən videokliplər öz əksini tapıb.
“Lufthansa” aviaşirkətinin rəsmi internet səhifəsində isə Bakı şəhərinin elektron bələdçisi yerləşdirilib. Bələdçidə Bakı şəhərinin elektron xəritəsi əks olunmuş, şəhərin on ən görməli yeri, Azərbaycana dair ümumi məlumat, Heydər Əliyev Hava Limanı, Yanar Dağ Qoruğu, şəhərdəki restoranlar, mehmanxanalar, keçiriləcək tədbirlər, telefon və internetə dair məlumat, alış-veriş imkanları, ölkənin iqlimi, viza qaydaları, səhiyyə sistemi kimi turistlər üçün əhəmiyyət kəsb edən məsələlərə dair ətraflı məlumat verilib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin