CƏMİYYƏT
Luis Sevasko: BPA İcraiyyə Komitəsinin iclasının Azərbaycanda keçirilməsindən və Bakıda olmaqdan çox şadam
Bakı, 17 aprel, AZƏRTAC
Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) mühüm əhəmiyyətə malik təşkilatdır. Ümumilikdə 170-dən çox ölkə bu təşkilatın üzvüdür. Belə mötəbər təşkilatın İcraiyyə Komitəsinin 45-ci iclasının Azərbaycanda yüksək səviyyədə təşkil edilməsindən və gözəl Bakı şəhərində olmaqdan çox şadam.
Bunu Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin Bakıdakı iclasında iştirak edən Argentinanın paytaxtı Buenos-Ayres şəhərinin baş prokuroru Luis Sevasko AZƏRTAC-a müsahibəsində deyib.
L.Sevasko bildirib ki, biz burada təkcə Assosiasiyanı narahat edən problemlər barəsində müzakirələr aparmırıq. Biz, eyni zamanda, dövlətlərin bu problemlərin həlli istiqamətində əməkdaşlığını təmin etmək üçün toplaşırıq. Belə görüşlərin prokurorluq fəaliyyəti üçün beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyəti olduqca mühümdür. Bilirik ki, beynəlxalq cinayətkarlıq daim mövcud olub və xüsusilə son illər daha ciddi təhlükəyə çevrilib. Bu istiqamətdə biliklərin artırılması və ona qarşı addımların atılmasında dövlətlər arasında əməkdaşlığın təmin olunması BPA-nın prinsipial mövqelərindən biridir. Bu baxımdan prokurorlarla keçirilən hər bir tədbir mühüm əhəmiyyətə malikdir.