MƏDƏNİYYƏT
Lüksemburqda “Qarabağ” Mədəniyyət Mərkəzində incəsənət sərgisinin açılışı olub
Lüksemburq, 6 dekabr, AZƏRTAC
Azərbaycanın Belçika Krallığında və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin, Lüksemburq-Azərbaycan Ticarət Palatasının və Lüksemburqda “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində “Mincə sənət” qalereyası sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda yaşayan rəssamların, sənətkarların əsərləri və əl işləri nümayiş etdirilib. Azərbaycan tarixini, mədəni irsini, adət-ənənələrini əks etdirən, həmçinin portret və təbiət mövzusunda rəsm əsərləri, milli ornamentlərimiz əsasında hazırlanmış aksesuarlar və əl işləri nümayiş olunub.
Əsas məqsədi mədəniyyətimizin təşviqi və təbliği olan “Mincə sənət” qalereyasının direktoru Fidan Bədəlova sərgi haqqında məlumat verib. Sərgidə 40 rəssam və sənətkarın 50-dən çox rəsm və əl işi nümayiş etdirilib.
Sərgi dekabrın 7-dək davam edəcək.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Lüksemburq