İQTİSADİYYAT


Luqano şəhərində Azərbaycan-İsveçrə biznes forumu keçiriləcək

Bern, 7 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyi cari ilin sentyabr ayında İsveçrənin Tiçino kantonunda Azərbaycan-İsveçrə biznes forumunun keçirilməsinə dair razılıq əldə edib.

Səfirlikdən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, tədbirdə İsveçrənin mərkəzi və yerli qurumlarının, habelə işgüzar dairələrin və İsveçrədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin iştirakı gözlənilir.

Səfir Xanım İbrahimova İsveçrənin Tiçino kantonunun Ticarət Palatasının Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Kiara Krivelli və Luqano şəhərinin meri Marco Borradori ilə görüşüb. Görüşdə Azərbaycan-İsveçrə ikitərəfli əlaqələri, Azərbaycanda həyata keçirilən köklü iqtisadi islahatlar və ölkəmizdə mövcud əlverişli investisiya mühitinə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda, Azərbaycan iqtisadiyyatı ilə bağlı tədbirlərin təşkili imkanları müzakirə edilib.

Söhbət zamanı, həmçinin Azərbaycan ilə Tiçino kantonu arasında qarşılıqlı işgüzar səfərlərin təşkili məsələsinə dair müzakirələr aparılıb.

Görüşdə qeyd olunub ki, hazırda Azərbaycanda İsveçrə kapitallı 71 şirkət fəaliyyət göstərir. Həmçinin Azərbaycandan İsveçrəyə 1,2 milyard ABŞ dolları investisiya yatırılıb. 2017-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 240 milyon dollar təşkil edib ki, bu da 40 faizdən çox artım deməkdir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bern

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.