MƏDƏNİYYƏT


Lüsern Dünya Turizm Forumunda Azərbaycan haqqında təqdimat keçirilib

Lüsern, 24 aprel, AZƏRTAC

Aprelin 24-də Lüsern Dünya Turizm Forumu işini davam etdirib.

Forumda “Gənc istedadlar” proqramı çərçivəsində turizm sahəsində maraqlı layihələr təqdim edən gənclər və “Yeni start verilən innovasiyalar” proqramı çərçivəsində turizm sektoruna yeni qədəm qoymuş və innovativ ideyalara malik şirkətlər təltif ediliblər.

Tədbir çərçivəsində Dünya Turizm Forumu və Azərbaycan Turizm və Menecment Universiteti arasında 2017-ci il Dünya Turizm Forumunda rəsmi tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumu Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov və Lüsern Dünya Turizm Forumunun Baş meneceri Martin Bart imzalayıblar. Memoranduma əsasən, Azərbaycan Turizm və Menecment Universitetinin dünyanın artıq 15-dək universitetinin qatıldığı “Gənc istedadlar” proqramına üzv olacaq, eləcə də universitetin müəllim və tələbə heyətindən seçilmiş nümayəndələr bu forumda iştirak edə biləcəklər.

Forumda həmçinin Azərbaycana həsr olunmuş videotəqdimat keçirilib. Təqdimatda Azərbaycanın tarixi, füsunkar təbiəti və mədəniyyəti, turizm imkanları, Bakı və regionlar, ölkəmizə səfər etmək niyyətində olan qonaqlar üçün təqdim olunan müasir infrastruktur və digər səfər imkanları barədə məlumatlar verilib. Təqdimatda ölkəmizə səfər etmək istəyənlər üçün yaradılmış yüksək şəraitdən bəhs edilib, sadələşdirilmiş viza sistemi, nəqliyyat, yerləşdirmə və səyahət üçün gərəkli məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirdə həmçinin Azərbaycanın turizm potensialının təbliği məqsədilə ayrıca guşə yaradılıb və burada iştirakçılara reklam-çap məhsulları təqdim olunub.

Forum öz işini aprelin 24-də başa çatdırıb. Növbəti Lüsern Dünya Turizm Forumu 2017-ci ildə keçiriləcək.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Lüsern

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.