ELM VƏ TƏHSİL
Lütfi Zadənin 100 illiyinə həsr olunmuş jurnalların xüsusi buraxılışları işıq üzü görüb
Bakı, 7 may, AZƏRTAC
AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclasında Azərbaycan Respublikası Prezidentinin “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası məsələləri müzakirə olunub.
Bu barədə AZƏRTAC-a İnformasiya Texnologiyaları İnstitutundan məlumat verilib.
Tədbirdə çıxış edən akademik Fikrət Əliyev bildirib ki, Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi ilə bağlı AMEA-nın və Təhsil Nazirliyinin birgə tədbirlər planına əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnоlogiyalar Nazirliyi, AMEA və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun həmtəsisçiliyi ilə nəşr edilən “Applied and Computational Mathematics” jurnalının “Fuzzy logic and its application to modelling epidemies: Co-ronavirus and beyond” mövzusunda, eləcə də “TWMS Journal of Pure and Applied Mathematics” jurnalının “Fuzzy Sets in Dealing with Imprecision and Uncertainty: Past and Future” mövzusunda xüsusi buraxılışları nəşr olunub.
Alim bildirib ki, “Applied and Computational Mathematics” jurnalının xüsusi buraxılışı Lütfi Zadə nəzəriyyəsinin COVID-19-a tətbiqi ilə bağlı məqalələri özündə cəmləşdirib. Bu buraxılış qeyri-səlis yanaşmanın köməyi ilə yoluxucu xəstəliklərin, xüsusən də yeni koronavirusun yayılma dinamikasının modelləşdirilməsi, proqnozlaşdırılması kimi məsələlərə həsr olunub. Habelə “TWMS Journal of Pure and Applied Mathematics” jurnalının budəfəki xüsusi buraxılışında dərc olunan məqalələr Lütfi Zadə nəzəriyyəsi ilə bağlıdır.
Onun sözlərinə görə, hər iki jurnalın xüsusi buraxılışlarının coğrafi arealı Fransa, Kanada, Polşa, ABŞ, Çex Respublikası, İngiltərə, Almaniya, İtaliya, İspaniya, Latviya, Belçika, Azərbaycan, Meksika, Kanada, Çin, Türkiyə, Tayvan, Hindistan, İran kimi ölkələri əhatə edir.