ELM VƏ TƏHSİL
Lütfi Zadənin 100 illiyinə həsr olunmuş konfransın bölmə iclaslarında 20-dək elmi məruzə dinlənilib
Bakı, 5 fevral, AZƏRTAC
Dünyaşöhrətli alim Lütfi Zadənin 100 illiyinə və elmi irsinə həsr olunmuş VIII ümumdünya yumşaq hesablamalar konfransı öz işini plenar və bölmə iclaslarında davam etdirib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, “Yumşaq hesablama məntiqi toplama”, “Ağıllı metodlar və qeyri-səlis yanaşma”, “Ehtimal qeyri-müəyyənliyi və qeyri-səlis idarəetmə sistemləri” adlı paralel bölmə iclaslarında dünyanın tanınmış alimləri 20-yə yaxın elmi məruzə ilə çıxış ediblər. Müxtəlif istiqamətləri əhatə edən məruzələr sırasına “Dərin öyrənmə və transfer öyrənmədən istifadə edərək sosial media mətnlərində psixoloji pozğunluqların təsnifatı”, “Saxta xəbərlərin aşkarlanması üsullarının təhlili” və s. daxildir.
Plenar sessiyada isə “Kateqorik məlumatların və ştrixli diaqramın izah edilə bilən oxşarlıq korrelyasiyası”, “Paylanmış yaddaşın riyazi modelləşdirilməsi”, “Kolmoqorov hekayələri” və digər məruzələr dinlənilib.