DÜNYA
Lyubomir Zaoralek: NATO-nun qüdrətini şübhə altına almaq təhlükəli məsələdir
Praqa, 22 iyul, AZƏRTAC
Çexiyanın xarici işlər naziri Lyubomir Zaoralek ABŞ prezidentliyinə namizəd Donald Trampın sözlərinə cavab olaraq qeyd edib ki, Şimali Atlantika Alyansının üzvü olan ölkələrin qarşılıqlı hərbi yardımını şübhə altına almaq təhlükəli məsələdir. L.Zaoralek vurğulayıb: “Birgə təhlükəsizliyin təmin edilməsi təkcə biz avropalıların deyil, ABŞ-ın da maraqlarına cavab verir. ABŞ XX əsrdə Avropanı iki dəfə tərk edib, amma hər dəfə də qayıtmağa, özü də böyük xərclər və qurbanlar hesabına qayıtmağa məcbur olub”.
Donald Tramp “The New York Times” nəşrinə müsahibəsində qeyd edib ki, ABŞ prezidenti vəzifəsini tutsa, NATO-nun üzvü olan bəzi ölkələrə hücum ediləcəyi təqdirdə, Birləşmiş Ştatlar onlara dəstək göstərməyəcək. Prezidentliyə namizədin sözlərinə görə, hər bir konkret ölkənin NATO-ya öz töhfəsini hansı şəkildə verməsi ABŞ-ın dəstəyinin əsas şərti olacaq.
Çexiyanın Baş naziri Boquslav Sobotka Varşava sammitində Vışeqrad qrupu ölkələrinin hamısının NATO-nun möhkəm olmasını istədiyini vurğulayıb. O, belə bir məsələnin də əhəmiyyətini qeyd edərək deyib ki, Böyük Britaniya Aİ-nin tərkibindən çıxsa da, Şimali Atlantika Alyansında qalmaq niyyətindədir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa