İDMAN
Lyuis Hemilton: Bakıda Bottasın və “Ferrari” pilotlarının rəqabətini gözləyirəm
Bakı, 22 aprel, AZƏRTAC
“Mercedes”in pilotu Lyuis Hemilton Formula 1 çempionatının Azərbaycan Qran-Prisindən gözləntiləri barədə təəssüratlarını bölüşüb.
AZƏRTAC xəbər verir ki, britaniyalı Bakı trasının onun xoşuna gəldiyini etiraf edib.
“Bu, yaxşı trasdır, lakin onun üzərində inadla işləmək lazımdır. Mənim məqsədim daha yaxşı olmaq və irəli getmək, daha yüksək nəticələrə nail olmaqdır. Ötən il Bakıda yarışı qazanmaqda mənim bəxtim gətirdi. Mən uik-end ərzində ən sürətli deyildim.
Mən Bottasın, həmçinin “Ferrari” pilotlarının mənimlə rəqabət aparacaqlarını gözləyirəm. Onlar düz yolda udur, lakin döngələrdə geri qalırlar”, - deyə “Marca” Hemiltondan sitat gətirir.
Xatırladaq ki, Hemilton 68 xalla pilotlar cədvəlinə başçılıq edir. “Mercedes”in digər təmsilçisi Valtteri Bottas 62 xalla ikinci yerdə, “Red Bull”un pilotu Maks Ferstappen isə 39 xalla üçüncü yerdədir.