İQTİSADİYYAT


M1 magistralının 16-30-cu kilometrlik hissəsində təmir-bərpa işlərinin ilk hissəsi yekunlaşıb VİDEO

Bakı, 14 aprel, AZƏRTAC

Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun, M-1 magistralının 16-cı kilometrindən (“VAZ dairəsi”) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 kilometr hissəsində təmir-bərpa işlərinin birinci hissəsi artıq yekunlaşıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir-bərpa işləri zamanı yol örtüyünün aşınma qatı frezlənərək kənara daşınır, örtüyün deformasiyaya uğramış hissələri xüsusi texnika vasitəsilə sökülərək qaldırılır, yatağın yararsız qruntu qazılaraq çıxarılır, əks-dolğu işləri görülərək yol yatağı yenidən tikilir. Daha sonra yeni yol əsası inşa edilir və hamarlayıcı lay asfalt-beton örtüyü döşənir, frezlənmiş və hamarlayıcı lay döşənmiş ərazilər iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-betonla örtülür.

Magistralın təmir-bərpa işləri aparılan 14 kilometrlik hissəsinin yol ayrıcında quraşdırılmış əyri xətli dəmir tirlər də sökülərək beton arakəsmələrlə əvəzlənir. Bir istiqamət üzrə işlər tamamlandığı üçün hazırda magistralın 16-cı kilometrindən 30-cu kilometrinədək olan hissəsində yenidənqurma işlərinə başlanılıb. Vətəndaşların rahat gediş-gəlinin təmin olunması istiqamətində aparılan işlər zamanı avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.

Məhdudlaşma tətbiq edilən ərazilərdə hərəkət əks istiqamətdə ikitərəfli olaraq təmin olunur. Bu səbəbdən sürücülərdən təmir-tikinti aparılan ərazilərdə quraşdırılan müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur.

Bütün işlər mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılır. Tərtib olunmuş qrafikə uyğun olaraq işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.