REGİONLAR
M5 magistralının Xaldan-Şəki hissəsi və Şəki şəhərinin giriş yolu yenidən qurulur VİDEO
Bakı, 6 dekabr, AZƏRTAC
M5 magistralının Xaldan-Şəki hissəsi və Şəki şəhərinin giriş yolu yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, M5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Xaldan-Şəki hissəsinin əsaslı şəkildə yenidən qurulması davam etdirilir. Magistralın yenidən qurulan hissəsinin uzunluğu 46 kilometrdir. Yolun sözügedən hissəsi II texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun ümumi eni 15 metrdir, buraya 7,5 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 3,75 metr enində çiyinlər daxildir.
Layihə çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, yolun köhnə və yararsız quruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə və qaya dolğusu işləri aparılmaqla yeni yol yatağı inşa olunur.
Torpaq işlərinin ardınca yol əsasının inşasına başlanılıb. Yol əsası optimal qırmadaş və qum-çınqıl qarışıqlarıdan istifadə olunmaqla inşa olunur. Buna paralel olaraq yol əsası hazır olan hissələrə ələqələndirici bitum səpilməklə 27 santimetr qalınlığında 3 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir. Yolboyu 3 avtomobil körpüsünün inşası aparılır. Körpülər yolun 1,8-ci kilometrdə Alıcançay, 9,5-ci kilometrdə Şirvan kanalı və 35,6-cı kilometrdə Dəhnəçay üzərində inşa olunacaq. Körpülərin uzunluqları müvafiq olaraq 67, 76 və 61 metr təşkil edəcək.
Bundan başqa, yolboyu köhnə suötürücü boruların yenilənməsinə də ehtiyac var idi. Buna görə də müxtəlif diametrlərə malik 87 borunun inşası aparılır ki, bunlardan 8-i düzbucaqlı su keçidləridir. Layihəyə uyğun olaraq yolboyu 7 nöqtədə yeraltı keçid də tikilir. Bundan başqa, yolun zəruri nöqtələrində 32 avtobus dayanacağının quraşdırılması nəzərdə tutulur.
Layihə üzrə magistralın 46-cı kilometrindən ayrılan və Şəki şəhərinə qədər uzanan 12 kilometrlik respublika əhəmiyyətli yolun da III texniki dərəcəyə uyğun yenidən qurulması işləri aparılır. İki hərəkət zolaqlı olmaqla yolun ümumi eni 12 metr təşkil edir. Analoji tikinti işləri bu yolda da görülür. Respublika əhəmiyyətli yolda 5 avtomobil körpüsü inşa edilir. Körpülər yolun 0,4-cü kilometrində dəmir yolu, 0.7-ci kilometrində Əyriçay, 1,4-cü kilometrində Küncüt çayı, 4,6-cı kilometrində Sarı Qobu çayı kanalı və 5.2-ci kilometrində Qarasu çayı üzərində salınır. Körpülər 2-3 aşırımlı olmaqla uzunluqları 49, 61 və 76 metr təşkil edəcək.
Qeyd edək ki, M5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolu ölkənin şimal qərb istiqamətindən Mazımçay üzərindən keçməklə Gürcüstan sərhədinə doğru istiqamətlənən və respublikanın ümumi yollar şəbəkəsində xüsusi əhəmiyyəti olan 164 kilometr uzunluğa malik II dərəcəli magistral avtomobil yoludur. Əsaslı şəkildə yenidən qurulan yolun tərkib hissəsinə aid olan Xaldan-Şəki hissəsi 2 rayonun inzibati ərazisindən keçməklə bir-neçə yaşayış məntəqəsini birləşdirir. Aparılan işlər yolboyu yaşayan əhali ilə yanaşı, yoldan istifadə edən bütün vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq, Gürcüstan, həmçinin əks istiqamətdə yük və sərnişin daşımasını xeyli asanlaşdırmaqla kənd təsərrüfatının və turizmin inkişafına müsbət təsir edəcək.
Xatırladaq ki, ötən il sözügedən magistralın 40 kilometr uzunluğa malik Zaqatala-Balakən-Mazımçay hissəsi əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdi.