İQTİSADİYYAT
MƏCBURİ KÖÇKÜNLƏRİN SOSİAL PROBLEMLƏRİNİN HƏLLİ İSTİQAMƏTİNDƏ YENİ LAYİHƏNİN İCRASINA BAŞLANILIR
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikası hökuməti ilə İslam İnkişaf Bankı arasında imzalanmış “Azərbaycan Respublikası məcburi köçkünlər üçün sosial infrastruktur obyektlərinin tikintisi layihəsinin maliyyələşdirilməsində iştirak haqqında Kredit Sazişi”nə əsasən, Füzuli və Biləsuvar rayonları ərazisində yeni salınacaq qəsəbələrdə məktəb, tibb və içməli su təchizatı obyektlərinin tikintisinə başlanacaqdır. Bu məqsədlə lazımi məbləğdə vəsait ayrılmışdır. Vəsaitin 70,6 faizi İslam İnkişaf Bankı tərəfindən ödəniləcəkdir. Yeni qəsəbələrdə müvafiq laboratoriya, tibb avadanlığı və mebellə təchiz olunmaqla 3600 şagirdlik 10 məktəb binası, 25 çarpayılıq xəstəxana, 9 həkim ambulatoriyası və feldşer-mama məntəqəsi tikiləcək, su təchizatı şəbəkəsi yaradılacaqdır. Yeni tikiləcək obyektlərin layihə-tender sənədləri hazırlanmışdır.
Podratçı təşkilatların seçilməsi məqsədi ilə tender bu ilin dekabr ayında keçiriləcəkdir. Layihələrin icrasına gələn ilin yanvar ayından başlamaq nəzərdə tutulur.