SİYASƏT
MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞ
AZƏRTAC-ın Azərbaycan Respublikası Ali Məhkəməsinin mətbuat xidmətindən aldığı məlumatda deyilir ki, məhkəmənin bir qrup əməkdaşı Qəbələ rayonuna getmiş, Şuşa, Ağdam, Laçın, Xocalı, Kəlbəcər və Cəbrayıldan olan məcburi köçkünlərlə görüşmüşlər.
Görüşdə dövlətimizin başçısı Heydər Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması sahəsində beynəlxalq miqyasda gördüyü səmərəli işlər barədə ətraflı söhbət getmişdir.
Məhkəmə işçiləri köçkün həmvətənlərimizi 31 dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə səmimi təbrik etmiş, onlara xoş arzularını bildirmiş, 520-dək ailəyə ərzaq məhsullarından ibarət bayram sovqatı təqdim etmişlər.
Bayramqabağı görüşdən razı qalan məcburi köçkünlər onlara göstərilən qayğı və diqqət üçün ölkə rəhbərliyinə, məhkəmə işçilərinə minnətdarlıqlarını bildirmişlər.