SİYASƏT
MƏCBURİ KÖÇKÜNLƏR İLHAM ƏLİYEVİ ALQIŞLAYIRLAR
Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin başçısı İlham Əliyevin AŞPA sədrinin müavini və Büro üzvü seçilməsi Bərdə rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünlər tərəfindən böyük sevinclə qarşılanmışdır.
Türkiyənin “Qızıl ay”, İslam Nicat Təşkilatının, “Ərəb-1”, “Ərəb-3” çadır şəhərciklərində yaşayan məcburi köçkünlərin nümayəndələri AZƏRTAC-ın müxbiri ilə söhbətdə bildirmişlər ki, onlar İlham Əliyevin respublikamızın işıqlı gələcəyi, müstəqilliyimizin əbədiliyi naminə gördüyü işləri yüksək qiymətləndirirlər. O, dünyada gənc və böyük gələcəyi olan siyasətçi kimi tanınır. AŞPA-nın qış sessiyasının ilk iclasında deputatlara Dağlıq Qarabağ problemi, yurd-yuvasından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin uzun illər dözülməz şəraitdə yaşaması barədə ətraflı məlumat vermişdir. İlham Əliyevin bu təşkilatda səmərəli fəaliyyəti ölkəmizin beynəlxalq nüfuzunu, Qarabağ pröbleminin sülh yolu ilə həll ediləcəyinə ümidi daha da artırır.