SİYASƏT
MƏCBURİ KÖÇKÜNLƏR REFERENDUMDA FƏAL İŞTİRAK EDƏCƏKLƏR
Dövlətqaçqınkomda Konstitusiyaya dəyişikliklərlə əlaqədar referendum aktı layihəsinin müzakirəsinə həsr edilmiş yığıncaq keçirilmişdir.
Yığıncaqda çıxış edənlər bildirdilər ki, Azərbaycanda ictimai münasibətlərdə dərin dəyişikliklər baş verir, ölkəmiz Avropaya inteqrasiya edir, beynəlxalq təşkilatlar qarşısında öhdəliklər götürür. Məhz buna görə də Azərbaycan Prezidenti Heydər Əliyev Konstitusiyaya dəyişikliklər edilməsi haqqında referendum aktı layihəsinin ümumxalq səsverməsinə çıxarılmasını qərara almışdır. Müxtəlif kollektivlərdə keçirilən müzakirələr sübut edir ki, ümumən, xalqımız bunu müsbət qarşılamışdır.
Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov yığıncağa yekun vuraraq dedi ki, referenduma çıxarılan məsələlər demokratik, hüquqi dövlət quruculuğunun tələblərinə tamamilə uyğundur, buna görə də referendumu boykot etməyə çağıran müxalifət partiyalarınının mövqeyini başa düşmək çətindir. Müxalifət Konstitusiyaya təklif olunan bütün dəyişikliklərdən yalnız ikisinin – Prezidentin səlahiyyətlərinin baş nazirə verilməsinin və majoritar seçki sisteminə keçilməsinin əleyhinə çıxır. Əli Həsənov xatırlatdı ki, müxalifət vaxtilə proporsional sistemin də əleyhinə idi. Lakin respublikanın vətəndaşları onların cəhdlərini başa düşürlər: onlar ölkə rəhbərliyinin gördüyü bütün işlərin əleyhinədirlər.
Əli Həsənov vurğuladı ki, məcburi köçkünlər referendumda fəal iştirak edəcək, təklif olunan dəyişikliklərin lehinə səs verəcəklər.