MƏDƏNİYYƏT
MƏDƏNİYYƏTİMİZİN PROBLEMLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, milli mədəniyyətimizin dünya mədəniyyətinə inteqrasiyası, mədəniyyətin sivil və demokratik prinsiplər üzərində qurulan dövlətçiliyimizin ayrılmaz bir sahəsi olaraq formalaşdırılması və s. vacib məsələlərin müzakirəsinə geniş yer verildiyi kollegiya iclasının iştirakçıları mədəniyyətimizin əvəzsiz təəssübkeşi, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Mədəniyyət naziri Polad Bülbüloğlu giriş nitqində nazirliyin ötən bir ildəki fəaliyyəti ilə bağlı fikirlərini söyləmişdir.
Mövzu ətrafında müzakirələrdə nazirliyin struktur bölmələrinin rəhbərləri çıxış edərək qazanılmış uğurlardan və mövcud problemlərdən danışmışlar.
Kollegiya iclasında, həmçinin mədəniyyət nazirinin müavini Ədalət Vəliyev, Naxçıvan MR mədəniyyət naziri Nizami Həmzəyev, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova, Bakı Şəhər Mədəniyyət İdarəsinin rəisi Həsənağa Qurbanov, Gəncə Şəhər Mədəniyyət İdarəsinin rəisi Mina Məlikova çıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikir və təkliflərini bildirmişlər.
İclasa yekun vuran nazir Polad Bülbüloğlu qarşıda duran vəzifələrdən danışmış,mövcud nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlar vermişdir.
Kollegiyada müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul edilmişdir.