MƏDƏNİYYƏT
MƏDƏNİ İRSİMİZİN VƏZİYYƏTİ VƏ PERSPEKTİVLƏRİ ARAŞDIRILIR
BMF sədrinin müavini, AMA-nın birinci vitse-prezidenti akademik Maqsud Əliyev seminarı giriş sözü ilə açaraq, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə mədəni irsin qorunması sahəsində xüsusilə çox iş görüldüyünü, o cümlədən bir sıra şəhərlərin tarix-memarlıq qoruğu elan edildiyini, abidələrin qorunması və bərpası sahəsində mühüm tədbirlərin həyata keçirildiyini xatırlatmışdır.
Azərbaycan Mədəniyyət Fondu sədrinin birinci müavini Rafiq Kaşanlı “Azərbaycan xalqının mədəni irsi haqqında” məruzə etmişdir. O, xalqımızın mədəni irsinin köklərinin çox qədimlərə getdiyini vurğulamış, tarix və mədəniyyət abidələrinin vəziyyətindən danışmışdır. Bildirilmişdir ki, 1992-ci ilə qədər abidələrin qorunması ilə Mədəniyyət Nazirliyi, 2000-ci ilədək Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası üzrə Dövlət Komitəsi məşğul olmuşdur. Sonuncu qurum öz vəzifəsinin öhdəsindən gəlməmişdir və 2000-ci ildə ləğv edilərək, onun funksiyası Mədəniyyət Nazirliyində yaradılmış Tarix və mədəniyyət abidələrinin mühafizəsi, bərpası və istifadəsi üzrə baş idarəyə həvalə edilmişdir. Natiq problemlərə də toxunmuş və onların aradan qaldırılması ilə bağlı təkliflərini irəli sürmüşdür.
“İçərişəhər” cəmiyyətinin sədri Mirteymur Məmmədovun “İçərişəhər milli mədəniyyət abidəsidir” adlı məruzəsi, “Simurq” Assosiasiyasının üzvü Maya Bədəlbəylinin öz tədqiqatları barədə çıxışı da maraqla dinlənilmişdir.
Seminar “YUNESKO və Azərbaycanın mədəni irsi” mövzusunda “dəyirmi masa” ilə yekunlaşmışdır.