DÜNYA
“MAESTRO NİYAZİ” YÜK GƏMİSİ TƏYİNAT LİMANINA GƏLMİŞDİR
Mayın 6-da Bakı dəniz vağzalının yanalma körpüsündə “Maestro Niyazi” quru yük gəmisinin təntənəli qarşılanma mərasimi keçirilmişdir. Bu gəmi Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə Nijni Novqorodun “Krasnoye Sormovo” gəmiqayırma zavodunda inşa edilmişdir.
Təntənəli mərasimi idarənin rəisi Aydın Bəşirov açaraq bildirdi ki, son səkkiz ildə Xəzər Dəniz Gəmiçiliyi ilk dəfə olaraq belə böyük yük gəmisi alır. Biz ona görkəmli Azərbaycan bəstəkarı və dirijoru, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Niyazinin adını verməyi qərara almışıq. A.Bəşirov xüsusi vurğuladı ki, ölkəmizin Prezidenti Heydər Əliyev xalq təsərrüfatının su nəqliyyatı kimi mürəkkəb sahəsinə həmişə qayğı göstərmişdir. “Maestro Niyazi” gəmisinin alınması bunun daha bir təsdiqidir. Bu Böyük İpək yolunun bərpasına layiqli töhfədir.
Sonra Azərbaycan baş nazirinin müavini Abid Şərifov, mədəniyyət naziri Polad Bülbüloğlu, xalq şairi Qabil, nijni novqorodlu qonaqlar, habelə “Maestro Niyazi” gəmisinin kapitanı çıxış etdilər. Natiqlər dedilər ki, görkəmli dirijor Niyazi öz yüksək sənəti ilə Azərbaycanı bütün dünyada şöhrətləndirmişdir, ona görə də gəmi heyətinin vəzifəsi bütün dəniz və okeanlarda Azərbaycanı ləyaqətlə təmsil etməkdən, ölkəmizin şərəfini uca tutmaqdan ibarətdir. Onlar heyətin üzvlərinə uğurlar arzuladılar.
Sonra mərasim iştirakçıları “Maestro Niyazi” gəmisi ilə tanış oldular. Onun uzunluğu 140 metr, eni 16,5 metr, yük tutumu 5500 tondur.